Gəncə Dövlət Universitetinin Vətən Müharibəsi iştirakçısı məzununa universitetin “Döş nişanı” təqdim olunmuşdur
2020-ci il Azərbaycan xalqının yaddaşına Qələbənin yazıldığı il kimi həkk olunmuşdur. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi Qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbə sevincini hər bir Azərbaycan vətəndaşı bu gün də böyük qürur hissi ilə yaşayır.
Sevindirici haldır ki, 44 günlük müharibəyə öz imzasını yazanlar arasında Gəncə Dövlət Universitetinin məzunları da var. Onların arasında 2012-2016-cı illərdə universitetdə təhsil almış və sonradan Azərbaycan Ordusunda zabit kimi xidmət etməyi özünə şərəf bilmiş Rzayev Afiq Uğurlu oğlunun adı xüsusi çəkilir.
Vətən müharibəsində digər əsgər yoldaşları kimi o da əsl qəhrəmanlıq göstərmiş, Cəbrayılın, Qubadlının və Laçının azad olunmasında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan Afiq Rzayev hazırda Azərbaycan Ordusunda hərbi xidmətini uğurla davam etdirir.
44 günlük müharibədə qazanılan böyük qələbədən sonra Gəncə Dövlət Universitetində bir çox tədbirlər həyata keçirilmiş, Vətən müharibəsində iştirak edən universitet məzunlarının, eləcə də əməkdaşlarının şərəfinə guşələr yaradılmışdır.Universitetin rektoru, professor Yusif Yusibovun təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin məzunları üçün “Döş nişanı” təsis edilmişdir. Noyabrın 19-da keçirilən görüşdə “Döş nişanı” ilk olaraq Vətən müharibəsində əsl igidlik nümayiş etdirən Rzayev Afiq Uğurlu oğluna təqdim olunmuşdur. Rektor Yusif Yusibov müharibə veteranını təbrik edərək “Döş nişanı”nı ona təqdim etmişdir.
Rzayev Afiq Uğurlu oğlu ona göstərilən diqqət və qayğıya görə universitetin kollektivinə və rektoruna minnətdarlıq etmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti