“GƏNCLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ KONFRANS
31 yanvar 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının iclas zalında “2 fevral Gənclər günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, universitetin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himnindən sonra Universitetin rektoru professor Yusif Yusibov çıxışına Ulu Öndər Heydər Əliyevin sözləri ilə başladı: “Gənclər ölkəmizin gələcəyi, onun iftixarı, onun ümididir. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”
1997-ci ildən fevralın 2-si Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilmişdir. Ulu Öndər Heydər Əliyev kimi layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev də daim gənclərə diqqət və qayğı ilə yanaşmış, onların inkişafı üçün hər cür şəraitin yaradılmasına ciddi səy göstərmişdir. Prezident gənclər qarşısında çıxışlarının birində demişdir: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Həqiqətən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi bu qayğının bariz nümunəsidir. Bu qanun Azərbaycan respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Konfransda Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın “Gənclər siyasəti uğurla həyata keçirilir” , Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Azərbaycan gəncliyi etibarlı əllərdədir”, Sosial fənlər kafedrasının müəllimi Yeganə Əhmədovanın “Gəncliyimiz gələcəyimizdir”, GDU YAP gənclər birliyinin sədri Elmir Bağırovun “Dövlətimizin gənclər siyasəti” adlı məruzələri, Xarici dillər fakültəsinin tələbəsi Aytac Səlimovanın söylədiyi “Gənclik” şeri maraqla dinlənildi.
Konfransın sonunda professor Yusif Yusibov universitetin fəal tələbələrini “Fəxri fərman”la təltif etdi.