“AZƏRCELLİN TƏQAÜDÇÜSÜ” ADINA LAYİQ GÖRÜLMÜŞLƏR

Təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən “Azərcell Telecom” şirkəti  2008-ci ildən etibarən “Tələbə Təqaüdü Proqramı”nı həyata keçirməyə başlamışdır. Bu proqramın əsasında indiyədək  Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azərcellin təqaüdçüsü adına layiq görülmüşdür. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Proqramda seçim prosesi bir neçə mərhələdə keçirilir. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərinə aid yazılı tapşırıqları yerinə yetirir, ingilis dilində müxtəlif mövzularda esselər yazırlar. Son mərhələdə isə tələbələr “Azərcell”də rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə müsahibələrdə iştirak edirlər. Bütün mərhələlərdən uğurla keçən tələbələr “Tələbə Təqaüd Proqramı”nın qalibləri seçilirlər.

2016-2017-ci tədris ili üçün növbəti təqaüd proqramında  respublikamızın  aparıcı Universitetlərinin tələbələri  ilə yanaşı  Gəncə Dövlət Universitetinin tələbələri də iştirak etmişlər.  Biologiya-Kimya fakültəsinin tələbəsi  Sultan İsgəndərov və  Riyaziyyat- İnformatika fakültəsinin tələbəsi Zümrüd Məlikzadə də uğur qazanmış,  “Azərcellin Təqaüdçüsü” adına layiq görülmüşlər. Qalib tələbələrlə birlikdə onlar da ali təhsillərinin sonunadək şirkətdən 200 manat məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə etmişlər.

Yanvar ayının  25-də Azərcell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev “Azərcellin Təqaüdçüsü” adına layiq görülən tələbələrlə görüşüb onlara sertifakat təqdim etmiş, gələcək təhsillərində və işlərinndə uğurlar diləmişdir.