ELMİ MÜTƏXƏSSİSLƏR HAZIRLANIR

PƏRVİN

Müasir dövrdə hər bir ölkənin, xalqın gələcəyi təhsilin  səviyyəsi və mütəxəssislərin hazırlanması ilə ölçülür. Azərbaycanda da  inkişaf konsepsiyasının mühüm tərkib hissəsinin biri də məhz təhsilin inkişaf etdirilməsidir.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini əsas məqsədə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər sahədə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin şahidi oluruq. İctimai həyatın bütün prioritet sahələrində olduğu kimi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də inkişaf səciyyəli böyük işlər görülmüş, nəticədə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur. Elmi mütəxəssislərin hazırlanmasında Gəncə Dövlət Universiteti də ali məktəblərin ön sırasında addımlayır.

Ölkə Prezidenti nəinki elmi mütəxəssislərin hazırlanmasına, eyni zamanda onların maddi rifah halının yaxşılaşmasına da ciddi diqqət yetirir. Hələ 14 sentyabr 2013-cü il tarixində elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında Sərəncam imzalanmış, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisas üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə müəyyən edilmiş əlavələr iki dəfə artırılmışdır.

Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə qeyd edir ki, Prezidentimizin diqqət və qayğısı Universitetimizə də ciddi təsir göstərmişdir. Məlumdur ki, elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdır. Bu məqsədin həyata keçirilməsi Ali təhsil islahatının yaxın və uzaq perspektivdə reallaşmasının əsas göstəricisdir.

Gəncə Dövlət Universitetinə 2016-cı il üçün fəlsəfə doktoru proqramı üzrə 17 müxtəlif   ixtisasa doktorant,  23 müxtəlif   ixtisasa dissertant, elmlər doktoru proqramı üzrə isə 5 müxtəlif ixtisasa qəbul  üçün yer ayrılmış və həmin yerlərə qəbul uğurla başa çatmışdır.

Hal-hazırda doktorantura şöbəsində 35 nəfəri əyani, 20 nəfəri isə qiyabi olmaqla fəlsəfə doktoru proqramı üzrə 55 nəfər doktorant, həmin proqram üzrə 80 nəfər dissertant təhsil alır. Elmlər  doktoru proqramı üzrə  isə 13 nəfər təhsilini davam etdirməkdədir. Qəbul olunanlar Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  və s. başqa universitetlərin məzunlarıdır.

Universitetdə doktorantların səmərəli fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Elmi nəşrlərin sayı artırılmış, elmi konfranslar təşkil olunmuş, elmi kitabxana fondları zənginləşdirilmiş, beynəlxalq şəbəkəyə qoşulmuş kompyuter xidmətləri onların tam istifadəsinə verilmişdir. Hər il bütün elm sahələri üzrə doktorantların və gənc tədqiqatçıların respublika və Beynəlxalq səviyyədə elmi konfransları keçirilir, müsabiqələr təşkil edilir. Bu də gələcək elmi mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır.