UNİVERSİTET ANIM GÜNÜNDƏ İŞTİRAK ETMİŞDİR

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Həmin gün  sovet hərbi hissələri  Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış əliyalın, haqq səsini ucaltmış dinc əhaliyə qanlı divan tutmuşdur. Xalqımız  yanvarın 20-də şəhid xiyabanlarına üz tutmaqla bir daha əzminin qırılmadığını, qəhrəmanlıqla dolu şanlı keçmişinə sadiq qaldığını bir daha sübut etməkdədir.

Gəncə Dövlət Universiteti  20 yanvar faciəsi qurbanlarının xatirəsini hər zaman sonsuz məhəbbətlə yad edir. Universitetin hər bir tədris binasında  faciəni andıran stendler, lövhələr qurulmuş, tədbirlər keçirilmişdir. 20 yanvarda da professor-müəllim heyəti, texniki işçilər, tələbələr minlərlə Gəncə sakinlərinə qoşularaq Şəhidlər xiyabanında keçirilən əzəmətli tədbirdə iştirak etmiş, şəhidlərimizin ruhuna dualar oxumuşlar.

Tədbirdə Universitetin rektoru professor Yusif Yusibov kollektiv üzvləri ilə birlikdə şəhid məzarlarına qərənfillər düzməklə, onların müqəddəs ruhuna böyük ehtiramını bildirmişdir.