Gəncə Dövlət Universiteti Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi olub

Son illərdə Gəncə Dövlət Universitetində təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə universitetdə yeni tədris binası tikilib, yeni mərkəzlər yaradılıb, yeni tədris və elmi-tədqiqat laboratoriyaları qurulub və mövcud tədris binalarında əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Universitetdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Gəncə Dövlət Universitetində təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Yuxarıda qeyd edilən beş  strateji istiqamətə uyğun olaraq universitetdə bir çox işlər görülüb. Həmin işlər arasında 17 fevral 2017-ci il tarixdə  universitetdə yaradılan qeyri-üzvü sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı elmi-tədqiqat laboratoriyasının təntənəli açılışı olub. Bu elmi-tədqiqat laboratoriyasının işinin mütəşəkkil qurulması, yüksək nəticələrin əldə edilməsi, dünya elminə inteqrasiyası və sair məqsədlər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) elan etdiyi birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinə müraciət edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, ölkənin akademik qurumları və ali təhsil müəssisələrində aparılan təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli, əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha da yüksək səviyyədə və koordinasiya olunmuş şəkildə dəstəklənməsinə, elmi fəaliyyətin stimullaşdırılması və alimlərə əlavə yaradıcılıq imkanı yaradılmasına yönəlmiş layihələrin qrantlar yolu ilə bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış və akademik və ali təhsil qurumlarından olan alimlərin yaradıcı kollektivlər şəklində maliyyələşdirilməsi məqsədi ilə Fondun Himayədarlar Şurası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla, elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) nəticələrini elan edib.

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaları, bölmə və mərkəzləri, eləcə də digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrin müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib (siyahı əlavə olunur) və Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunub. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək – 51,45% olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib olub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir.Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 90 min manat olub.

70 layihənin icra müddəti 1 il, 1 layihənin icra müddəti isə 2 ildir. Layihələr akademik və ali təhsil müəssisəsindən olan 2 rəhbərlə (əsas rəhbər və həm-rəhbər) təmsil olunur və müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasında akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib. Rəhbər və həm-rəhbərlər sırasında 109 nəfər kişi, 31 nəfər isə qadın vardır.

Qalib gələn layihər arasında olan Gəncə Dövlət Universitetinin layihəsi Mis və gümüşün çoxkomponentli xalkogenidləri əsasında yeni superion keçiricilərinin və termoelektrik materiallarının alınması və tədqiqiadlanır. Universitetimiz bu layihəni AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə birgə təqdim etdiyi üçün birlikdə də yerinə yetirəcəkdir. Layihə 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək. Layihədə rəhbər, həm rəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcəkdir. Layihənin icra müddəti 12 ay və ümumi büdcəsi 60 000 (altmış min) AZNtəşkil edir.