Gəncə Dövlət Universiteti “Erasmus+ DIRNA” layihəsinin təlimində təmsil olunub

Gəncə Dövlət Universiteti “Erasmus+ DIRNA” layihəsinin təlimində təmsil olunub.

Gəncə Dövlət Universiteti tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində 15-17 noyabr 2023-cü il tarixlərində keçirilən təlim proqramında təmsil olunub. Ölkə ali təhsil müəssisələrindən nümayəndələrinin qatıldığı təlimdə Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri layihə komandasının üzvü qismində iştirak edib. Məlumat üçün bildirək ki, 2023-2026-ci illəri əhatə edən Erasmus+ DIRNA beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki İzmir Yüksək Texnologiya İnstitutundan başqa Azərbaycanda tərəfdaş qurumları həm də Xəzər Universiteti (koordinator), Gəncə Dövlət Uiversiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.

Layihənin iş paketinə uyun olaraq İzmir Yüksək Texnologiya İnstitutunun təşkil etdiyi təlimin məqsədi Azərbaycanın konsorsiumda benefisiar ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatların təbliğinin artırılması, tədqiqat nəticələrinə rahat çıxışın dəstəklənməsi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi olub.

Proqrama əsasən İzmir Yüksək Texnologiya İnstitutunun kitabxanasının rəhbərliyi və əməkdaşları tərəfindən İnstitutunun tədqiqat ekosistemi, GCRIS: İYTE korporativ arxiv və tədqiqat məlumat sistemi, GCRİS-in texniki infrastrukturu, açıq elmə ümumi baxış, Türkiyədə açıq elmin, korporativ arxivlərin inkişafı, Avropa Açıq Elm Buludu, “OpenAIRE” servisi və xidmətləri, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi  kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş edilib, müzakirələr və fikir mübadilələri aparılıb. Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyətinin İzmir Yüksək Texnologiya İnstitutunun rektoru prof. Yusuf Baranın qəbulunda olub. Görüşdə iki qardaş ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparıb. Qeyd edək ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan İzmir Yüksək Texnologiya İnstitutu ilə universitetimiz arasından ikili memorandumda mövcuddur. 

Təlim proqramı çərçivəsində nümayəndələr həmçinin İnstitutun infrastrukturu ilə yaxından tanış olublar.

Bu layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.