Gəncə Dövlət Universiteti sosial izləyici reaksiyası sayına görə ilk pilləyə yüksəlib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.

Tədbirdə Gəncə Dövlət Universitetini ali təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev təmsil edib.

Konfransda Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub.

Xüsusən Mehman Şəfaqətovun “Ali Təhsil Müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və nəticələr” mövsuzunda etdiyi təqdimatda respublikamızın digər təhsil ocaqları ilə müqayisədə Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin son ildə tətbiq etdiyi yeniliklər və uğurlu nəticələr öz əksini tapıb.

Təqdimatda Gəncə Dövlət Universiteti sosial şəbəkələr üzrə izləyici sayına görə İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən sonra respublikamızdakı ali təhsil müəssisləri arasında 3-cü yerdə, veb səhifədə və sosial şəbəkələrdə paylaşımlarının sayına görə isə İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən sonra 4-cü sırada yer alıb.

Universitetin ən uğurlu nəticəsi sosial şəbəkələrdə paylaşılan xəbərlərə verilən reaksiya üzrə hesablamalarda qeydə alınıb. Məhz bu dəfə Gəncə Dövlət Universiteti ali təhsil müəssisələrinə aid sosial şəbəkələrdə yerləşdirilmiş xəbərlərə (orta hesabla hər posta ) reaksiya sayına görə ilk pillədə qərarlaşıb.  

 

Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam edib.