Gəncə Dövlət Universiteti tələbə qəbulu planının nəticələrinə görə birinci olub

Respublikamızın qərb bölgəsində ən nüfuzlu ali təhsil müəssisələrindən olan Gəncə Dövlət Universiteti (GDU) tələbə qəbulu planının nəticələrinə görə Təhsil Nazirliyinə tabeli ali təhsil müəssisələri arasında birinci olub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, GDU-ya 40 ixtisas üzrə 1700 plan yerinə ilk turda 1567 nəfər, ikinci turda 75 nəfər, ümumilikdə isə 1642 nəfər qəbul olunub.

Universitet üzrə boş qalan plan yerlərı I və II ixtisas qruplarında qeydə alınıb.

Beləliklə, GDU-da plan yerləri birinci və ikinci turda keçirilmiş qəbulun nəticələrinə görə 96,6 faiz dolub.

Qəbul olmuş abituriyentlərdən 1555 nəfəri, yaxud 91,5 faiz qeydiyyatdan keçib. Bununla da Gəncə Dövlət Universiteti tələbə qəbulu planının ümumi nəticələrinə görə Təhsil Nazirliyinə tabeli universitetlər arasında ilk pilləyə yüksəlib.

Tələbələrdən 4 nəfəri 600 baldan, 52 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 2019/2020-ci tədris ilində universitet üzrə ən yüksək bal toplayan iki nəfər tələbə – Səbinə Əlizadə və Gülçin Əliyeva hər biri 611 balla Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi ixtisasına qəbul olunub.