GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ YENİ TƏDRİS İLİNDƏ “MICROSOFT TEAMS” PLATFORMASININ TƏTBİQİNƏ HAZIRLAŞIR

Avqustun 27-də COVİD-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev yeni tədris ilində  təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq. Brifinqdə onu da qeyd edilib ki, təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.

Təhsil Nazirliyinin təkliflərini nəzərə alan universitet rəhbərliyi yeni tədris ilində pandemiyanın davam edəcəyi müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə universitetdə “Microsoft Teams” platformasından istifadə üçün hazırlıqların aparılmasına göstəriş vermişdir.

“Microsoft Teams” platformasının universitetdə tətbiqi üçün İnnovasiyalar departamenti və Tədris şöbəsi birlikdə fəaliyyət göstərir. Hazırda platformanın istifadəsi üçün domen hazırlanmışdır. Tələbələrin çoxluğunu nəzərə alaraq əlavə alt-domen yaradılmışdır. Platformadan istifadə üçün lazımi işlər görülmüşdür. Hazırda müəllim və tələbələrin bazasının yaradılması üzərində işlər aparılır. Buna paralel olaraq digər bazaların yaradılması və onlar arasında əlaqələrin qurulması üzərində də işlər aparılır. Yaxın günlərdə platformadan istifadə qaydaları haqqında təlimlərə başlanılması planlaşdırılır.

“Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı qeyd olunan imkanları yaradır:

– Videobağlantı vasitəsilə məsafədən təhsil vermə;

– Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

– Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

– Böyük həcmli materialların yerləşdirilməsi;

– Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

– Qiymətləndirmənin aparılması alətlərində istifadə;

– Qrup işinin təşkili.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişsizdir.

Proseslə bağlı əlavə məlumatlar mütəmadi olaraq universitetin rəsmi elektron və facebook səhifələrində paylaşılacaqdır.