Gəncə Dövlət Universitetində Elmi Şuranın növbədənkənar yığıncağı keçirilmişdir

            Gəncə Dövlət Universitetində Elmi Şuranın növbədənkənar yığıncağı keçirilmişdir.

            Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş və gündəlikdə duran məsələlərlə tanış etmişdir.

            Uzun illər universitetdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru işləmiş, mərhum Fəxrəddin Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həmin vəzifəyə təyinat almış Xurşudov Şahin Nadir oğlunun təqdimatı keçirilmişdir. Şura üzvləri Şahin Xurşudovun universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunmasını yüksək dəyərləndirmiş və əminliklə bildirmişlər ki, o, uzun illərdir ki, ali təhsil ocağının kollektivi arasında böyük hörmət və nüfuz qazanmışdır. Odur ki, onun bu vəzifəyə təyinatı bütün universitet kollektivi tərəfindən razılıqla qarşılanmışdır.

           Yığıncaqda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru təyin edilən Xurşudov Şahin Nadir oğlu çıxış edərək tərcümeyi-halı və elmi uğurları barədə şura üzvlərinə ətraflı məlumat vermişdir. Şura üzvləri çıxış edərək onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışlar.

             Sonra gündəlikdə duran ikinci məsələ-coğrafiya kafedrası müdirinin 5 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilərək müzakirə edilmişdir. Şura üzvləri kafedranın fəaliyyətini qənaətbəxş hesab etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti