Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

       Elmi Şura öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov aqrarelmlər üzrə fəlsəfə doktoru Zərifə Tağıyevanı Botanika kafedrasının dosenti elmi ad alması, Botanika kafedrasının müəllimi Səbinə Axundovanı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə təbrik edərək müvafiq diplomları onlara təqdim edib.

      Sonra rektor gənclərlə iş sahəsində aktiv fəaliyyətinə görə universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşovu təbrik edərək Gəncə şəhər İcra Hakimiyyəti və müxtəlif təşkilatların təltif etdiyi Fəxri Fərmanı ona təqdim edib.

     Rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

      Elmi şurada birinci məsələ- əyani və qiyabi təhsil üzrə 2022/2023-cü  tədris ilinin payız imtahan sessiyasının yekunlarına dair universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edib.

      Prorektor qeyd edib ki, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılmış, imtahan sessiyasının gedişinə operativ nəzarət həyata keçirilmişdir.  Universitet üzrə payız sessiyasında müvəffəqiyyət göstəricisi 74,59 faiz, keyfiyyət göstəricisi isə 34,57 faiz olmuşdur.

    Elmi şurada ikinci məsələ-universitetin professor-müəllim heyətinin 2022-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2023-cü ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri, tematik planların müzakirəsinə dair Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edib. Qeyd edilib ki, seçilən mövzular əvvəlki illlərə nisbətən yenilik baxımdan daha məqsədəuyğun və aktualdır.

     Gündəlikdə duran növbəti məsələ- Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlamış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatına dair universitetin İnnovasiyalar Departamentinin sədri Vasif Həsənovun çıxışı dinlənilib.

     Şura üzvlərinin müzakirələrindən sonra məruzələr qənaətbəxş hesab edilib.

    Sonda qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və görüləcək işlər müzakirə edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti