Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir.

Birinci məsələ – payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun məruzəsi dinlənilərək müzakirə edilmişdir. Sonra ümumi pedaqogika, rus dili  və iqtisadiyyat kafedraları müdirlərinin 5 illik hesabatları dinlənilərək müzakirə edilmişdir. Aparılan müzakirələrdə çıxış edənlər adları çəkilən kafedraların fəaliyyətini qənaətbəxş hesab etmişlər.   

Sonra Mərdan Məmmədovun təsviri incəsənət kafedrasının, Tahir Məmmədovun riyazi analiz kafedrasının, Gültəkin Qasımovanın ekologiya və təbiəti mühafizə kafedrasının, Səba Namazovanın Azərbaycan və dünya ədəbiyyatı kafedrasının, Günay Kazımovanın təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti elmi adını almağa dair vəsatət qaldırılmış, eləcə də universitetin kimya kafedrasının dosenti Elxan Cəfərova və psixologiya kafedrasının dosenti Cəfər İbrahimova universitetin “Fəxri Professoru” adının verilməsi ilə bağlı məsələlərə baxılmışdır.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti