Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini əvvəlcə bu yaxınlada dünya universitetlərinin reytinq cədvəlində ilk onluğa düşən və 9-cu yerdə qərarlaşan Gəncə Dövlət Universitetinin qazandığı qələbə münasibətilə təbrik etmişdir. Sonra rektor yeni seçilmiş dekan və kafedra müdirlərini təbrik edərək, xoş arzularını bildirmişdir.

İclasda təhsildə və ictimai həyatda qazandığı uğurlara və “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirakına görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Təşkilatının Fəxri Fərmanına layiq görülmüş universitetin İnnovasiyalar Departamentinin baş məsləhətçisi Hüseynov Mustafa Oruc oğlunu təbrik edərək, Fəxri Fərmanı ona təqdim etmişdir.

Sonra Elmi Şura öz işinə başlamışdır. Universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Universitetin professor-müəllim heyətinin 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2022-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərin, tematik planların müzakirəsi ilə bağlı universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin hesabatı dinlənilərək müzakirə edilmişdir.

Əyani və qiyabi təhsil üzrə 2021/2022-ci tədris ilinin payız (qış) imtahan sessiyasının yekunları haqqında universitetin Tədris Departamentinin direktoru Elturan Yusifovun məlumatı dinlənilmişdir.

Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin universitetdə tələbələrin istehsalat təcrübəsi ilə bağlı məlumatı dinlənildikdən sonra ümumi texniki fənlər və texnologiya, eləcə də alman dili kafedrası müdirlərinin 5 illik fəaliyyəti müzakirə edilmişdir. İclasda hər iki kafedranın 5 illik fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.

Sonra Elmi Şurada botanika kafedrasında boş olan professor, informatika və cəbr, iqtisadiyyat, fransız dili kafedralarında boş olan dosent yerlərinə seçkilər keçirilmiş, fransız dili və Azərbaycan tarixi kafedralarında dosent elmi adını almağa dair vəsatət qaldırılmışdır.

Axırda Elmi Şurada cari məsələlərə baxılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.