GDU komandası “Agrotech Workshop and Hackathon” müsabiqəsində I yerə layiq görülüb

25-28 fevral tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, SUP VC şirkətinin təşkilatçılığı ilə kənd təsərrüfatı ilə bağlı “Agrotech Workshop and Hackathon” keçirilib. “AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulub. Çox saylı iştirakçının olduğu workshopda Türkiyənin Kök Projekt şirkətinin həmtəsisçisi və direktoru Semi Hakim iştirakçılara virtual əkinçilik, süni intellektin kənd təsərrüfatında tətbiqi və bu sahənin yeni trendləri haqqında məlumat verib. Hakatonda isə 100-ə yaxın tələbə (12 komanda) iştirak edib. İştirakçılar kənd təsərrüfatı sahəsindəki problemlərə innovativ həllər təqdim etməklə, bu sahənin inkişafı üçün yeni prototiplər hazırlayıblar. Hakatonun sonunda kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda olaraq Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin təşkilatçılığı ilə hazırlanmış “Desafio” komandası 1-ci yerə layiq görülmüş, müvafiq sertifikat və hədiyyələrlə təltif edilmişdir. Qeyd edək ki, “Desafio” komandası İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərovun rəhbərliyi ilə Biologiya-Kimya Fakültəsinin Kimya ixtisası üzrə 4-cü kurs tələbələri Aysel Mustafayeva, Eminə Orucova və Jalə Əsgərovanın iştirakı ilə formalaşdırılmışdır.