“Türkiyə və Azərbaycan milli şairlərinin gözü ilə Çanaqqala zəfəri və İstiqlal marşı” adlı Elmi-praktik konfrans keçirilmişdir

Türkiyənin Gəncə şəhər Baş Konsulluğu, Gəncə Dövlət Universiteti və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə  “Türkiyə və Azərbaycan milli şairlərinin gözü ilə Çanaqqala zəfəri və İstiqlal marşı” adlı Elmi-praktik konfrans keçirilmişdir. Konfransda Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Prof.Dr.Zeki Öztürk, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Qazi Universitetinin prorektoru Prof.Dr.Bekir Buluç, professor-müəllim heyəti iştirak etmişdir.

Konfransda ilk öncə  hər iki dövlətin Dövlət Himnləri səsləndirildi.

Konfransı Qazi Universitetinin prorektoru Prof.Dr.Bekir Buluç açaraq tədbir iştirakçılarını salamlayıb, Universitetin rektoru Prof.Dr.Musa Yıldızın salamlarını çatdırmışdır. Qazi Universiteti, Gəncə Dövlət Universiteti və Gəncə şəhər Türkiyə Baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən “Türkiyə və Azərbaycan milli şairlərinin gözü ilə Çanaqqala zəfəri və İstiqlal marşı” adlı konfransı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının təcəssümü olduğunu vurğulamışdır.. Prof.Dr.Bekir Buluç  çıxışının sonunda bir daha Gəncə Dövlət Universitetinin rektoru professor Yusif  Yusibova, konfrans iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Prof.Dr.Zeki Öztürk Qazi Universitetinin prorektoru Prof.Dr.Bekir Buluçu, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadəni, professor-müəllim heyətini salamlayaraq, Çanaqqala döyüşü haqqında məlumat verdi. Qeyd etdi ki,  Çanaqqala döyüşü Birinci Dünya müharibəsi əsnasında 1915-1916-cı illər arasında Osmanlı Dövləti ilə Antanta Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. Bu döyüşdə Türkiyə 250 min şəhid vermişdir. Türkiyə Cumhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün-18 mart  Çanaqqala Şəhidlərini Anma Günü elan edilmişdir. Türkiyənin Gəncə şəhərindəki baş konsulu Prof.Dr.Zeki Öztürk Çanaqqala zəfərinin bütün türk dünyasında böyük bir bayram olduğunu vurğuladı.

Prof.Dr.Zeki Öztürk hər iki dövlətin Himnlərini sözlərini yazan şairlər Mehmet Akif və Əhməd Cavad  haqqında da məlumat verərək, hər iki İstiqlal marşının söz və musiqilərinin qəlbdən, vətən sevgisi ilə yazıldığını bildirmişdir. O, qeyd etmişdir ki, “Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincidir” deyən Mustafa Kamal Atatürk və “Bir millət, iki dövlət” şüarını bildirən Ulu Öndər Heydər Əliyevin fikirlərinə əsasən Azərbaycan-Türkiyə həqiqi dostluğunu, birliyini ifadə etmişdirlər. Azərbaycanın Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində də Türkiyə “Qarabağ Azərbaycandır!!!” şüarı ilə bütün gücüylə Azərbaycanın yanında olmuşdur. Hər iki dövlətin prezidentləri birlikdə  15 iyun 2021-ci ildə imzaladıqları  “Şuşa Bəyannaməsi” ilə hər zaman birlik olduqlarını  bir daha sübuta yetirdilər. Sonda Prof.Dr.Zeki Öztürk hər iki dövlətin Ulu Öndərlərini Mustafa Kamal Atatürkü və Heydər Əliyevi, Vətən bütövlüyü uğrunda şəhid olan qardaşalarımızı, hər iki dövlətin Himnlərinin sözlərini yazan şairləri böyük hörmətlə andığını bildirmişdir.

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar  üzrə prorektoru Pərvin Kərimzadə konfransda  bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Konfransa Əhməd Cavadın nəticəsi Cavad Axundzadə qoşularaq hər iki dövlətin şairlərinə göstərilən diqqət və qayğıdan danışaraq minnətdarlığını bildirmişdir.

Türkiyənin Yozgat Bozak Universiteti Ədəbiyyat fakültəsi Tarix kafedrasının  Prof.Dr Naci Şahin “Çanaqqala Savaşları” , Qazi Universitetinin Qazi Tədris Fakültəsi Türk dili və Sosial İnnovasiyalar kafedrasının Prof.Dr. Giyasettin Aytaş “İstiqlaliyyət Şairi Mehmet Akifin gözü ilə Müstəqillik, Gələcək və Çanaqqala” , Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycan istiqlal şairi Əhməd Cavad və Mənsub olduğu Müsəlman Xeyriyyə Cəmiyyətinin Birinci Dünya Müharibəsində fəaliyyəti” , Ümumi tarix kafedrasının müəllimi Bəxtiyar Məhərrəmov  “Çanaqqala savaşları və Azərbaycanlılar” mövzusunda  çıxış etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti