Gəncə Dövlət Universitetində “İnklüziv təhsildə damğalanmanın sosial-pedaqoji aspektləri” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Əlilliyi olan tələbələr üçün Mərkəzdə “Autizm aylığı” çərçivəsində professor-müəllim heyəti üçün “İnklüziv təhsildə damğalanmanın sosial-pedaqoji aspektləri” mövzusunda tədbir təşkil olunub.

Mərkəzin direktoru Turanə Qurbanovanın moderatorluğu ilə keçirilən tədbirdə Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, inklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova və həmin kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva çıxış ediblər.

Çıxışlarda inklüziv təhsil mühitində damğalanmanın yaratdığı sosial və pedaqoji çətinliklər, bu halların tələbələrin akademik və psixoloji inkişafına təsiri, eləcə də onların aradan qaldırılması istiqamətində tətbiq oluna biləcək yanaşmalar diqqətə çatdırılıb. Bildirilib ki, inklüziv təhsilin səmərəli təşkili yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyəti kimi çıxış edir.

Tədbir çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, inklüziv mühitin formalaşdırılması, stereotiplərin aradan qaldırılması və əlilliyi olan şəxslərin təhsil hüquqlarının təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti