Gəncə Dövlət Universitetində Novruz şənliyi coşqu ilə keçirilib

Martın 18-də Gəncə Dövlət Universitetinin (GDU) müəllim və tələbə kollektivi sevinc, fərəh və coşqu ilə Novruz bayramını qeyd edib.

Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov bu bayramın tarixinin ən qədim dövrlərdən başlandığını və sülh, əmin-amanlıq rəmzi olduğunu bildirib. Rektor deyib ki, Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Əsrlərin sınağından çıxmış Novruz bayramının hazırda dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti var. Professor Yusif Yusibov gənclərin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşəcəklərinə inamımı ifadə edib, bayram münasibətilə xoş arzularını dilə gətirib.

Bayram şənliyində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Novruz bayramı münasibətilə kollektivi təbrik edib, hər kəs üçün xoş arzularını ifadə edib.

Qeyd edilib ki, “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin həyata keçirilməsində dəstəyinə və yaxından iştirakına görə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən təşəkkürnamə ilə təltif edilib. Şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova təşəkkürnaməni rektor Yusif Yusibova təqdim edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər Veteranlar Şurasının sədri Yusif Məmmədov Novruz bayramı münasibətilə kollektivi təbrik edib, elm və təhsilin inkişafı naminə professor-müəllim heyətinə, tələbələrə uğurlar arzulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri general-polkovnik Tofiq Ağahüseynovun imzası ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov “Həmrəylik” medalı ilə təltif edilib. Həmrəylik medalı Yusif Yusibova təqdim edilib.

Sonra universitetin elmi, ictimai-mədəni həyatında fərqlənən əməkdaşlar və tələbələr, eləcə də ötən il respublika üzrə universitetlər arasında keçirilən turnirdə 1-ci yerə yüksəldikləri üçün GDU-nun futzal komandasının üzvləri fəxri fərmanla təltif ediliblər.

Daha sonra musiqi sədaları altında Kosa və Keçəlin gəlişi, onların deyişməsi bayram şənliyində xoş ovqat yaradıb.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.