Gəncə Dövlət Universitetində plan yerləri 93 faizə yaxın dolub

Respublikamızın qərb bölgəsində ən nüfuzlu ali təhsil müəssisələrindən olan Gəncə Dövlət Universitetində (GDU) avqustun 15-dən qəbul olunmuş tələbələrin qeydiyyata alınmasına başlanıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, GDU-ya 40 ixtisas üzrə 1700 plan yerinə 1570 nəfər birinci turda qəbul olunub.

Universitet üzrə boş qalan plan yerlərı I və II ixtisas qruplarına aiddir.

Beləliklə, GDU-da plan yerləri 92,35 faiz dolub.

Tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan bütün şərait yaradılıb. Bunun üçün universitetin 13 nəfər əməkdaşı cəlb edilib. Qeydiyyat zamanı növbəlilik prinsipi, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Universitetdə yaradılan sənəd qəbulu komissiyası GDU – nun Heydər Əliyev küçəsi, 429 ünvanında, əsas və 1 nömrəli binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9-dan 17-dək fəaliyyət göstərir.

Qeyd edək ki, qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi avqustun 27-dək davam edəcək.