Gəncə Dövlət Universitetində “Tələbə Endirim Kartları”nın paylanılmasına başlanılıb.

“Tələbə Endirim Kartları” Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən paylanılır.

İlkin mərhələdə universitetin 3 fakultəsində təhsil alan 500-ə yaxın tələbəyə endirim kartları verilib. Tələbə kartları Universitetin Biologiya-Kimya, İqtisadiyyat və İdarəetmə və Filologiya fakültəsinin tələbələrinə paylanıb.

Yeni iş həftəsində isə digər fakültələrin də tələbələrinə kartlar veriləcək.

GDU-nun TGT-nin sədri Orxan Məmmədov bildirib ki, tələbə kartı olan şəxsləri xüsusi güzəştlər gözləyir. Bir çox mağazalarda onlar 5 faizdən 30 faizədək endirimlərdən yararlana biləcəklər. Tələbə kartları sadəcə Gəncə və Bakıda deyil, Avropanın 30-a yaxın şəhərində 80.000 -dən çox məişət və iaşə obyektlərində keçərlidir.

Layihə çərçivəsində həmçinin Azərbaycanda təhsil alan bütün tələbələr “Tələbə Endirim Kartları” əldə etməklə yanaşı, Azərbaycan üzrə endirim şəbəkəsinin qeyd olunduğu kataloqları da əldə edirlər. Kataloqlarda endirimin keçərli olduğu ünvanlar, əlaqə nömrələri və endirim faizləri qeyd olunub.

Tələbə Kartının paylanmasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da əməkdaşlıq edir. Kartlar 2012-2013-cü tədris ilindən başlayaraq tələbələrə təqdim olunur.