Gəncə Dövlət Universitetinin əməkdaşları beynəlxalq layihənin məlumatlandırma günündə iştirak ediblər

Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı “Erasmus+” layihəsi iştirakçılarının növbəti toplantısı keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu layihə çərçivəsində baş tutan görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan universitetlərinin hazırladığı özünü dəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanması olub.

Eyni zamanda  Avropanın 5 universiteti, o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex Universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu  və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihənin geniş miqyaslı məlumatlandırılma günü keçirilib.

Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsi haqqında ətraflı məlumat verilib, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş grant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədə olan problemlər və bunların həlli yolları müzakirə olunub.

Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparılıb, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülüb, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edilib.

Keçirilən görüşlər zamanı Gəncə Dövlət Universitetini Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərmizadə, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Tədris–elektron mərkəzinin müdiri Elturan Yusifov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov və Ekologiya kafedrasının müəllimi Pərviz Adıgözəlov təmsil ediblər.