Gəncə Dövlət Universitetinin əməkdaşları III ADA Simpoziumunda iştirak ediblər

1–2 oktyabr 2026-cı il tarixlərində ADA Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) dəstəyi ilə “Ali təhsildə Keyfiyyət Təminatı üzrə III ADA Simpoziumu” keçirilib. Simpozium ali təhsil müəssisələrində keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq ekspertləri, ali təhsil rəhbərlərini, keyfiyyət təminatı üzrə mütəxəssisləri və tədqiqatçıları bir araya gətirib.

Ali təhsildə daxili keyfiyyət təminatı sistemlərinin inkişafı, akkreditasiya strategiyaları, təhsil proqramlarının və kurikulumların təkmilləşdirilməsi, səriştəyönümlü təhsil, məzunların məşğulluğunun qiymətləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, eləcə də təhsildə süni intellekt texnologiyalarının tətbiqi kimi aktual mövzular üzrə müzakirələr aparılıb. Simpozium çərçivəsində təşkil olunan panel sessiyaları və təqdimatlar iştirakçılar üçün qabaqcıl təcrübələrin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olub.

Tədbirdə Gəncə Dövlət Universitetini Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.

Simpozium zamanı iştirakçılar ali təhsildə keyfiyyət təminatının müasir çağırışları, akkreditasiya proseslərinin təkmilləşdirilməsi, tələbəyönümlü təhsil mühitinin formalaşdırılması və rəqəmsal transformasiya istiqamətində tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat əldə ediblər, müxtəlif ali təhsil müəssisələrinin təcrübələri ilə tanış olublar.

Tədbirdə iştirak Gəncə Dövlət Universitetində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, akkreditasiya proseslərinə hazırlığın gücləndirilməsi, tələbə və məzun məmnunluğunun artırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi baxımından faydalı olub. Simpozium çərçivəsində əldə edilən təcrübə və müzakirə olunan məsələlərin universitetin strateji inkişaf prioritetləri və daxili keyfiyyət təminatı fəaliyyətləri üzrə gələcək işlərdə nəzərə alınması planlaşdırılır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti