Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Tovuzda orta məktəb kollektivi ilə görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti  Tovuz rayon Təhsil sektorunda 20–ə  yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və şagirdləri ilə görüş keçirib.

Tovuz rayon Təhsil sektorunun əməkdaşları Zülfiyyə Abbasova, Elnarə Rzayeva, Valeh Məmmədov çıxışlarında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və universitetdə tədris olunan ixtisaslar haqqında şagirdlərin məlumatlandırılmasıdır.

     Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent Elvin Atakişiyev, baş müəllim İlqar Haqverdiyev çıxış edərək fakültələr, mövcud ixtisaslar, ali məktəbin beynəlxalq əlaqələri və digər rayonlarda şagirdlərlə görüşlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.

Tovuz rayon orta ümumtəhsil məktəblərinin müəllimləri Gəncə Dövlət Universitetinin məzunları olduqları üçün fəxr etdiklərini qeyd ediblər, şagirdlərlə keçirilən görüşün əhəmiyyətindən danışıblar.

Şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti