Gəncə Dövlət Universitetinin prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyevanın “Ömür yolu” kitabının təqdimatı keçirilib

            Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi adına iclas zalında “Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib. Tədbirdə  universitetin Humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim, dosent Gülsüm Fətəliyevanın müəllifi olduğu “Ömür yolu” adlı sənədli-publisistik kitabının təqdimatı olub. 

    Təqdimat mərasimində  millət vəkili, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Tədris işləri üzrə prorektor Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, Təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, professor Mübariz Yusifov, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

        Millət vəkili, Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq  müəllifi təbrik edib, kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, kitabda təsvir olunan hadisələrdə ermənilər tərəfindən mərhələli şəkildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunması və xalqımızın işgəncələrə məruz qalması real faktlarla göstərilib.

     Azərbaycan tarixi kafedrasının müdir əvəzi Eldar Mehdiyev “Ömür yolu” adlı kitabı haqqında geniş və məzmunlu məruzə ilə çıxış edib.

      Tədbirdə Tədris məsələləri üzrə prorektor, dos. Şahin Xurşudov, rektorun baş müşaviri dos. Asif Cavadov, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, Riyazi-analiz kafedrasının müdiri, professor Orucəli Rzayev, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev, Filologiya fakültəsinin dekanı, dos. Zakir Ələsgərov, Kimya kafedrasının müdiri, dos. Aynur Məmmədova, Sosial fənlər kafedrasının müdiri, dos. Cavid Bağırzadə və universitetin digər əməkdaşları çıxış edərək kitabda təsvir olunan hadisələrin yalnız bir ailənin deyil, minlərlə azərbaycanlının başına gətirilən müsibət olduğunu bildiriblər. Qeyd olunub ki, ”Ömür yolu” kitabı bu günümüzü və keçmişimizi bir daha oxuculara xatırlatdığı üçün mühüm əhəmiyyət kəsb edir.

    Tədbirin sonunda  ”Ömür yolu” kitabının müəllifi Gülsüm Fətəliyeva təqdimatın təşkili üçün universitetin rektoru Yusif Yusibova təşəkkürünü bildirib. Müəllif çıxışında onu da qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə, Qalib Ordumuzun rəşadəti sayəsində torpaq həsrətinə  son qoyulduğu kimi, əzəli və əbədi yurdumuz olan Qərbi Azərbaycana qayıdış da yaxındadır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti