Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının qalibini təbrik edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Bu il martın 14-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının qalibi, Aytac Səmədovanı qəbul edib.

Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, UAFA Gəncə İƏRM-nin koordinatoru Rəzalə Abbasova, Respublikanın Əməkdar Məşqçisi Natiq Əliyev də iştirak edib.

Niyazi Bayramova məlumat verilib ki, Aytac Səmədova Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarından Gəncəyə 4 medalla qayıdıb. Onlardan biri qızıl, biri bürünc, ikisi isə gümüşdür. Natiq Əliyevin yetirməsi ayaq üstə ağırlığı yerindən qaldırmada qızıl, ağırlığı çiyinə alaraq oturub-durmada gümüş, uzanaraq ağırlığı sinəyə almaqda bürünc və nəhayət üç hərəkətin cəminə görə yenə bir gümüş medal qazanıb.  

Niyazi Bayramov Aytac Səmədovanı əldə etdiyi birincilik münasibətilə təbrik edib, onun əzmkarlığının təqdirəlayiq olduğunu dilə gətirib, idmançıya qələbələr, yüksək nailiyyətlər arzulayıb.

Məlumat üçün bildiriək ki, Aytac Səmədova Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakultəsinin Alman dili ixtisasının 2-ci kursunda təhsil alır. İdmçançı UAFA Gəncə İƏRM-dən bəhrələnən yüzlərlə uşaq, yeniyetmə və gəncdən biridir. O ilk beynəlxalq mükafatını 2015-ci ildə qazanıb. Belə ki, həmin il ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edib və Gəncəyə 3 gümüş, 1 bürünc medalla qayıdıb.