GDU-da ədəbiyyatşünas alim, görkəmli yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri univeristetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq görkəmli ədib Mir Cəlal Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən ətraflı danışıb. Bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yer tutan böyük ədib bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın və təhsilimizin inkişafına sərf edib. Ədəbiyyatşünas alimin qələmindən çıxan elmi məqalələr, publisistik-tənqidi yazılar, onun bədii təfəkkürünün məhsulu olan hekayə, irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır.
Azərbaycan və dünya ədəbiyyatının dosenti Nəzmiyə Axundova çıxış edərək Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edib. Görkəmli ədiblə bağlı xatirlərini bölüşərək bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib.
Tədbirdə Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədovanın Mir Cəlal Paşayevin əsərlərinin dil xüsusiyyətlərinə dair çıxışı maraqla qarşılanıb.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti