GDU-da 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Universitetində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bildirib ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlayıb. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. O da diqqətə çatdırılıb ki, 1993-cü ildə hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu.
Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətova mövzu ətrafında çıxış ediblər.
Daha sonra tələbələr vətənpərvərliyə aid şeirlər söyləyiblər.






