GDU-da 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib
Gəncə Dövlət Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yolundan söz açıb. Prorektor bildirib ki, Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu.
Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimləri Həmid Abbasov və Aygün Əhmədova, Filologiya fakültəsi tələbəsi Nigar Məmmədova çıxış ediblər. Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hazırda Azərbaycan regionda lider dövlətə çevrilib və müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla, yüksək qürur və iftixar hissi ilə qarşılanıb.
Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx izlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti