GDU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın zəngin mənəvi keyfiyyətlərindən və Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Akademik vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə akademik Zərifə Əliyeva ən yüksək mükafatlara layiq görülüb. Prorektor onu da bildirib ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan qadınının, ailəsinin müqəddəs simvoluna çevrilib. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanda ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Tədbirdə çıxış edən Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Şahniyar Abbasova və Rus dili kafedrasının dosenti Sevda Əliyeva bildiriblər ki, Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti