GDU-da Akkreditasiya və yeni tədris ilinə hazırlıqla bağlı məsələlər növbəti dəfə müzakirə olundu

09 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universiteti rəhbərliyinin, departament direktorlarının, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin iştirakı ilə növbəti iclas keçirilib.

Rektor Yusif Yusibov 2025/2026-cı tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsinin və tədrisin keyfiyyətinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb, professor-müəllim heyəti arasında dərs yükləri bölünən zaman rektorluğun müvafiq əmrinə ciddi riayət olunması, eləcə də  dərs yükü çatmayan kafedra əməkdaşlarına imkanlar yaradılması ilə bağlı tapşırıqlar verib. İclasda rektor Yusif Yusibov növbəti müddətə fəaliyyət üçün hüquqi təminat yaradan akkreditasiya prosesinin əhəmiyyətindən danışıb, görülmüş işlərlə bağlı  qarşıda duran məsələlərdən bəhs edib.

Tədris Departamentinin direktoru Elturan Yusifov çıxış edərək yeni tədris ili üçün mövcud proqramların yenilənməsi, dəyişən standartlara uyğunlaşdırılması, əmək bazarının tələblərinə uyğun yeni seçmə fənlərin  tədris planına daxil edilməsi, müəllimlərin dərs yüklərinin dəqiqləşdirilməsi, dərs cədvəllərinin hazırlanması, gənc müəllimlər üçün yeni metodika, rəqəmsal tədris platformaları üzrə  təlimlər haqqında ətraflı danışıb.

İclasda İnnovasiyalar Departamentinin direktoru, Operativ işçi qrupunun rəhbəri Vasif Həsənov Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin yerinə yetirilməsi məqsədilə GDU daxilindəki Komissiyanın səmərəli fəaliyyətindən və görülmüş işlərdən geniş bəhs edib. Vasif Həsənov GDU-nun Özünütəhlil hesabatının hazırlığının vəziyyəti, Strateji inkişaf və keyfiyyət təminatı kimi istiqamətlər üzrə verilən tövsiyələrin həyata keçirilməsi üçün görülən işlər barədə məlumat verib.  

İclasda qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti