GDU-da “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Prorektor Gülsüm Fətəliyeva Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər planına uyğun olaraq universitetdə silsilə konfransların, tədbirlərin və ağacəkmə aksiyalarının keçirildiyini diqqətə çatdırıb.
Millət vəkili, Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açıb, dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə flora və fauna müxtəlifliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən geniş miqyaslı işlərdən söhbət açıb. Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, “yaşıl” texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. O da qeyd olunub ki, bu il COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Tədbirdə Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov “Ulu Öndər Heydər Əliyev: “Yaşıllaşdırma ümumxalq işidir”, Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova “Yaşıl Dünya – mənim, sənin, bizim qurtuluşumuzdur”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Yaşıl dünya naminə həmrəyliyə gedən yol”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətova “Sağlam bir dünya üçün yaşıl enerji” mövzularında məruzə ilə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti