GDU-da “Azad Mirzəcanzadə inkişaf proqramı”nın təqdimatı keçirilib
Gəncə Dövlət Universitetində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən “Azad Mirzəcanzadə inkişaf proqramı” çərçivəsində məlumatlandırıcı tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək ölkəmizdə gənclərin yüksək intellektli aparıcı qüvvə kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən və gənclər üçün yaradılan imkanlardan danışıblar.
Tədbir iştirakçıları proqramın məqsədi, icra mərhələləri, qeydiyyat prosesi barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, proqrama təqdim edilən layihə təklifləri aktuallığı, reallığı, innovativ və yenilikçi olması əsasında seçiləcək. 2-ci mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.
O da bildirilib ki, “Azad Mirzəcanzadə inkişaf proqramı” yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır. Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçə bilər.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti