GDU-da “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs keçirilmişdir

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazovanın “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova, baş müəllimlər Könül Məmmədova, Aytən Muşkiyeva, baş laborantlar Günay İsmayılova və Elnurə Tağıyeva iştirak etmişlər.

    Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbləri üçün keçirilən açıq dərsdə dosent Səba Namazova çıxış edərək qeyd etmişdir ki,  Azərbaycan Cümhuriyyəti dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və teatrı olmuşdur. Sözügedən yaradıcılıq sahələrinin hər birində milli rəmzi elementləri ifadə edən bədii nümunələrə üstünlük verilmişdir. Əfsuslar olsun ki, o zamanlar uzun müddət mətbuatın və həmin dövrdə yazıb-yaratmış bir sıra ziyalıların milli ruhu oyatmağa yönəlmiş fəaliyyətlərinin üzərindən xətt çəkilərək Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və başqa bu kimi ədiblərin demək olar ki, əsərlərinin bütün nəşrlərində bədii irsləri tam halda əksini tapmamışdır. Azərbaycanın istiqlalına qovuşduğu dönəmlərdə daha çox gərək olan həmin bədii mətnlər illər boyu yasaq edilərək xalqdan gizlədilmişdir.

O da qeyd edilmişdir ki, bunlarla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını tərənnüm edən zəngin poeziya, dramaturgiya, publisistika o dövrlərdə mövcud olmuşdur.

  Açıq dərsdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti