Təhsilimizin inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verir

   Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı inkişaf üçün yeni perspektivlər açır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ən əsası da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Sevindirici hal isə odur ki, bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.

  Gəncə Dövlət Universitetinin Tələbə Yataqxanasının əsaslı şəkildə təmir-bərpa işlərindən sonra tələbələrin ixtiyarına verilməsi təhsilə və tələblərə diqqətin bariz nümunəsidir.

  Qeyd edək ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi – rektor Yusif Yusibov başda olmaqla, universitetin prorektorları, dekanları hər həftənin şənbə günləri universitetin Tələbə Yataqxana Kompleksinin 350 nəfərlik Tələbə kafesində tələbələrlə birlikdə nahar edir, onları narahat edən məsələlərlə bağlı söhbətlər aparılır, problemləri dinlənilərək həll olunması üçün lazımi tədbirlər görülür.

   Bildirək ki, 744 nəfər tələbənin qala biləcəyi Universitetin Tələbə Yataqxana Kompleksində bütün şərait yaradılmışdır. Yataqxana Kompleksi yüksəksürətli internet, daimi isti-soyuq su ilə təmin olunmuş, müasir isitmə sistemi qurulmuşdur. Burada Yeməkxana Kompleksi, idman meydançası, yaşıl zona və istirahət zonası da mövcuddur.

    Söz yox ki, bütün bunlar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider, Azərbaycan təhsilinin böyük hamisi Heydər Əliyevin əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın milli təhsil sisteminin idarə olunmasında yeni prinsiplərin bərqərar olmasını, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını və dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini bir daha nümayiş etdirir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti