GDU-da şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdovun əziz xatirəsinə həsr edilmiş “Xarıbülbül” adlı tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində II Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdovun əziz xatirəsinə həsr edilmiş “Xarıbülbül” adlı tədbir keçirilmişdir.

     Tədbirdə Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov və  şəhidlərin ailə üzvləri iştirak etmişlər.

     Tədbirdə Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Şəhidlərimizə həsr edilən tədbiri giriş sözü ilə Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki, bu gün Azərbaycan xalqında milli vətənpərvərlik hissinin yüksək olması qürürvericidir. Gəncə Dövlət Universitetində tez-tez qazilərlə və şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilir, onların döyüş yolları, göstərdikləri qəhrəmanlıqlar tələbələrə çatdırılır.

 Çıxış edən şəhidin ailə üzvləri Hikmət Məmmədov və Orxan Cümşüdovun döyüş yolundan, qəhrəmanlıqlarından danışmışlar Qeyd edilmişdir ki, Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin məzunları olmuş şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov daim fəalliyyətləri ilə seçilmişlər. Bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cümşüdov Orxan Sabutay oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları,  Goranboy rayonunun Buzqulaq kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş şəhid Məmmədov Hikmət Lətif oğlu isə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.

    Tədbirin davamında Gəncə Dövlət Universitetinin tələbələri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmişdir.

     Qeyd edək ki,  həmin gün Universitetinin İqtisadiyyat və Idarəetmə fakültəsində  şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov adına auditoriyaların da açılışı olmuşdur. Auditoriyalarla  tanışlıq zamanı qeyd edilmişdir ki, burada olan fotostend vasitəsi ilə şəhidlərin keçdikləri həyat yolu daim öyrəniləcəkdir.

    Hər iki şəhidin ailə üvzləri – şəhid Hikmət Məmmədov və şəhid Orxan Cümşüdov adına auditoriyanın hazırlanaraq tələbələrin ixtiyarına verilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti