GDU-da elmi potensialın beynəlmilləl müstəvidə artırılması üzrə təlim keçirilib
Gəncə Dövlət Universitetində akademik heyət və doktorantlar üçün elmi-tədqiqat sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif tədqiqat sistem-tətbiqlərdən istifadə qaydaları və beynəlxalq qrant imkanları üzrə təlim təşkil olunub.
Universitetin Elm və innovasiyalar üzrə prorektorluğu və Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə “Clarivate” şirkəti tərəfindən təlimin ilk sessiyası keçirilib. Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxışında təlim haqqında ətraflı məlumat verib, akkreditasiya meyarlarına uyğun olaraq universitet rəhbərliyinin dəvəti ilə bu təlimin baş tutduğunu qeyd edib və təlimlərin elmi tədqiqat aparan akademik heyət, eləcə də doktorantlar üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, sahə üzrə təhsil eksperti İltifat İbrahimov “Web of Science” platformasının funksionallıqları, axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, “Journal Citation Reports” və “Master Journal List”, eləcə də, “EndNote Online Referans” idarəetmə sistemi barədə ətraflı məlumat verib.
Nəzəri və praktiki hissədən ibarət olan təlimdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti