GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümumi Pedaqogika kafedrasının əməkdaşı Tovuz Eminlinin “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə, Coğrafiya kafedrasının əməkdaşı Nəsibə Hacıyevanın “İqtisadi coğrafiya” ixtisası üzrə, Ümumi riyaziyyat kafedrasının əməkdaşı Esmira Cəfərlinin “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ” ixtisası üzrə dosent elmi adı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı Aytən Muşkiyevanın “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş attestatları və diplomu təqdim edərək onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda o da bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Musiqi fənləri kafedrasının əməkdaşı Lalə Rəfibəyliyə “Musiqi sənəti” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı Yeganə Hüseynovaya Azərbaycan ədəbiyyatı ixtisası üzrə dosent elmi adı verilib.
Daha sonra rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Doktorantura və dissertanturada mövcud vəziyyət və elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin, fakültələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatına dair Tədris departamentinin direktoru Elturan Yusifovun ətraflı çıxışları dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda Tükəzban Rüstəmovanın Anatomiya, fiziologiya və zoologiya kafedrasında, Xədicə Məmmədovanın İqtisadiyyat kafedrasında vakant olan professor vəzifəsini tutmaları, eləcə də Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşı Gültəkin Qasımovanın Biokimya ixtisası üzrə, Botanika kafedrasının əməkdaşı Afaq Əliyevanın Dərman və efir yağlı bitkilər ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.






