“Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə iqtisadiyyatın müasir və prioritet istiqamətlərindən biri olan “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların tədqiqatçılıq qabiliyyətlərini stimullaşdırmaq məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Kərimzadə Pərvin qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin əsas strateji hədəflərindən biri olduğunu vurğulayıb, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının universitetin akademik nüfuzuna müsbət təsirini qeyd edərək, gənc tədqiqatçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək, tələbə təşəbbüskarlığının dəstəklənməsinin vacibliyini qeyd edib, təqdim olunan mövzuların aktuallığını yüksək qiymətləndirib.
Daha sonra çıxış edən fakültə dekanı Məsim Abadov konfransın mövzusunun müasir iqtisadi çağırışlarla üst-üstə düşdüyünü qeyd edib.
İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov isə öz çıxışında elmi məqalələrin hazırlanma prosesindəki metodoloji yanaşmalara toxunub, tələbələrə elmi fəaliyyətlərini davam etdirmələri üçün tövsiyələrini verib.
TEC-in fakültə sədri Könül Quliyeva çıxış edərək, gənclərin hər bir elmi təşəbbüsünün arxasında böyük bir əməyin dayandığını və bu yolda onlara hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb.
Konfransın işçi hissəsində tələbələr tərəfindən hazırlanmış məqaləyə dair məruzələr dinlənilib.
Məruzələrdə regionların sosial-iqtisadi inkişafında qeyri-neft sektorunun rolu, innovativ idarəetmə metodlarının tətbiqi, rəqəmsal iqtisadiyyat və kiçik-orta sahibkarlığın perspektivləri haqqında ətraflı danışılıb.
Tədqiqat işləri müvafiq komissiya tərəfindən əvvəlcədən müəyyən edilmiş xüsusi qiymətləndirmə meyarları əsasında obyektiv şəkildə dəyərləndirilib.
Tədbirin sonunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Sonda “Qiymətləndirmə meyarı” nəticəsində tədqiqatçılara verilən ballar toplanmış və “İqlim dəyişikliyi və resursların idarə olunması” mövzusu ilə çıxış edən Qarayev Fəxrəddin (elmi rəhbər Emiliya Əsgərova) yüksək balla konfransın qalibi olub.










