GDU-da Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın yeni tərkibdə 2025/2026-cı tədris ilinə dair ilk iclası keçirilib.

Universitetin rektoru Yusif Yusibov açılış nitqi ilə çıxış edərək 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin professor-müəllim heyətini təbrik edib, Elmi Şuranın yeni tərkibdə keçirilən ilk iclasının işinə uğurlar arzulayıb.

Daha sonra Elmi katib Seymur Meşaik GDU-nun Elmi Şurasının yeni tərkibini təqdim edib.

İclasda rektor Yusif Yusibov İnformatika və cəbr kafedrasının dosenti Mehriban Həsənovanı Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş diplomu təqdim edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

2024/2025-ci tədris ilinin yaz  imtahan sessiyasının yekunu və 2025/2026-cı tədris ilində qarşıda duran vəzifələr haqqında Tədris Departamentinin direktoru Elturan Yusibovun, Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri barədə hesabata dair İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun ətraflı məruzəsi dinlənilib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

 Elmi Şuranın iclasında kimya elmləri doktoru İsfəndiyar Alverdiyevin Qeyri-üzvi kimya ixtisası üzrə professor, Aqrar elmlər üzrə fəlsəfə doktoru Lalə Abdullayevanın Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.

Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və tələbələrə diqqətin daha da artırılmasına dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

 İclasda  5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin hər bir əməkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatı verilməsi barədə qərar da qəbul edilib.

Cari m

Cari məsələlər haqqında məlumat verilib. Bildirilib ki, Gəncə Dövlət Universitetində İnstitusional akkreditasiya və “İbtidai sinif müəllimliyi” ixtisasının proqram akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilmişdir. Akkreditasiya Komissiyasının Yekun Hesabatında verilmiş Tövsiyələr tam şəkildə icra edilmiş və müvafiq formalar əsasında Hesabatlar hazırlanmışdır. Bundan əlavə, universitetdə İnstitusional və “İbtidai sinif müəllimliyi” proqramı üzrə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə Təşkilat Komissiyaları tərəfindən Özünütəhlil Hesabatları tərtib olunmuşdur. Həm Tövsiyələrə dair Hesabatlar, həm də Özünütəhlil Hesabatları Elmi Şura üzvləri tərəfindən ətraflı müzakirə edilib, səsverməyə çıxarılaraq yekdilliklə təsdiq edilib.