GDU-DA ERMƏNİ FAŞİZMİNƏ NİFRƏT KONFRANSI
24 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Xocalı faciəsinə həsr edilmiş “Xocalı soyqırımının 25-ci ildönümü” mövzusunda konfrans keçirilmişdir. Konfrans başlamamazdan əvvəl rektor professor Yusif Yusibov başda olmaqla iştirakçılar foyedə Xocalı faciəsinə həsr olunmuş foto-guşə ilə tanış olmuşlar.
Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra professor Yusif Yusibov ilk öncə Ulu öndər Heydər Əliyevin sözlərini iştirakçıların nəzərinə çatdırdı: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Qeyd etdi ki, rus ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçilərinin bilavasitə iştirakı və köməyi ilə erməni faşistləri 1992-ci il fevralın 26-da 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Həmin vaxt şəhərdə 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində olmuşdular. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü. Bunlardan 106 nəfəri qadın, 63 azyaşlı uşaq, 70 nəfəri isə qocalıq yaşında idi. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva “Xocalı faciəsi bəşəriyyət tarixində ən qanlı faciədir” adlı məruzəsində Xocalı soyqrımının əsrin dəhşətli faciəsi olduğunu bildirdi və real faktlara əsaslanaraq erməni faşizminin insanlığa sığmayan əməllərini, rus ordusu ilə birgə xalqımıza qarşı törətdikləri dəhşətli faciələri bir daha nəzərə çatdırdı.
Gəncə Dövlət Universitetinin YAP GDU ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Xocalısız 25 il: tarixi baxış”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “Xocalı faciəsi dünyada misli görülməyən dəhşətli faciədir”, həmin kafedranın dosent əvəzi Etibar Musayev “Tarixin qanlı yaddaşı” adlı məruzələri, Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının II kurs tələbəsi əslən Xocalıdan olan Çinarə Hümbətova “Xocalı haqqında” şer və məruzəsi ilə Xocalıda baş verənlərin Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu bildirərək, bir daha bu vəhşiliklər haqqında reallıqları konfrans iştirakçılarına çatdırdılar.
Rəsmi hissədən sonra tələbələrdən Qurban Seyidlinin gitarda, Müzəffər Qurbanovun kamançada ifaları, Sabir Əbdürrəhimov, Əşrəf Hacızadə, Aytac Səlimova, Münəvvər Əliyeva, Bilqeyis Quliyeva, Aytac Bahadurlu, Gülsənəm Namazova və Şəhla Qəribovanın söylədikləri poetik nümunələr, nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar dinləyicilərin qəlbində erməni faşizminə sonsuz nifrəti bir daha alovlandırdı.