GDU-da “İnklüziv Təhsil Səfirləri” layihəsi çərçivəsində tədbir keçirilib

         Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən “İnklüziv Təhsil Səfirləri” layihəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.

      Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının üstünlüklərini vurğulayıblar.

      Gəncə Regional Qadın Mərkəzinin sədri, layihənin rəhbəri  Məleykə Əlizadə və layihə koordinatoru Tural İsaqov “İnklüziv Təhsil Səfirləri” layihəsi haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, məqsəd layihənin əhatə dairəsinə aid olan müəssisələrdə təhsilalanlar və təhsilverənlər arasında inklüziv təhsillə bağlı geniş maarifləndirmə işləri aparmaq və əlilliyi olan şəxslərə təhsilin bütün pillələri üzrə bərabər imkanlar yaratmaqdır.

     Layihə çərçivəsində Gəncə Dövlət Universitetində təhsil alan 30 tələbə təlimlərdə iştirak edəcək və proqramı uğurla başa vuran tələbələr Gəncə şəhərinin 10 pilot məktəbində inklüziv təhsil səfirləri kimi fəaliyyət göstərəcəklər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti