GDU-nun professor-müəllim heyəti Göygöldə görüş keçiriblər

Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti  Göygöl rayon Təhsil sektorunda 30-a yaxın orta ümumtəhsil məktəbinin direktorları və yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.  

      Göygöl rayon Təhsil sektorunun metod bölməsinin rəhbəri Afət Ələkbərova çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.

     Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri-dosent Allahverdi Quliyev, dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə və Kimya-biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev GDU-nun fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər. Çıxış edənlər Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs ediblər.

      Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.

     Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti