GDU-da “Milli-mənəvi dəyərlərimizin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Heydər Əliyev ili” çərçivəsində “Milli-mənəvi dəyərlərimizin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Univeristetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Azərbaycan xalqının çoxəsrlik milli dəyərlərinin qorunub yaşadılması, müasir milli müstəvidə inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. Ümummilli Lider dövlət quruculuğu prosesi ilə yanaşı milli-tarixi yaddaşın bərpası işlərinə də başladı. Vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Həmçinin Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin, habelə milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün oldu.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği, dünyaya təqdimatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti Cənab İham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması və mədəni irsimizin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti