GDU-da payız semestrinin imtahan sessiyası başlayıb

       Gəncə Dövlət Universitetində (GDU) 2023/2024-cü tədris ilinin payız  im­tahan sessiyasına start verilib.

      Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun imzaladığı əmrə əsasən ali təhsil ocağında nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. İmtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

     İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” təşkil olunub, imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb.

     Payız semestrinin imtahan sessiyası 29 dekabr 2023-cü il tarixdən başlayaraq yazılı, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. 15 yanvar 2024-cü il tarixdən imtahanlar kompüterdə test, şifahi və qabiliyyət formasında aparılacaq.

    İmtahanlar 01 fevral tarixdə yekunlaşacaq.

    Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 02-14 fevral tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti