GDU-da “Qərbi Azərbaycan tarixi” mövzusunda tədbir keçirilib

           Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycan  tarixi” mövzusunda tədbir keçirilib.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

      Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

       Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım, etnik təmizləmə və deportasiya siyasətindən danışıb. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. O da diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub.  Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi. Xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

      Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, GDU-nun professoru Mübariz Yusifov “Ermənilərin Qərbi Azərbaycanda apardıqları saxtakarlıqlar” adlı məruzə ilə çıxış edib, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən ətraflı danışıb.

      Daha sonra  tədbirdə Fizika kafedrasının müdiri Yahya Namazov “Qərbi Azərbaycan qədim türk diyarıdır”,  İnformatika və Cəbr kafedrasının müdiri İlqar Cabbarov “Qərbi Azərbaycana qayıdış ən böyük hədəfimizdir,  Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısının alınmasında türklərin rolu”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova “Qərbi Azərbaycan bizim ümummilli məsələmizdir”, Azərbaycan tarixi kafedrasının müəllimi Çinarə Kazımova “Qərbi Azərbaycanda 1920-80-ci illərə qədər dəyişdirilən toponimlər” adlı məruzə a ilə çıxış ediblər.

        Tədbirin davamında GDU-nun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli və digər çıxış edənlər Qərbi Azərbaycanla bağlı  xatirələrini bölüşüblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti