GDU-da seçilmiş ixtisaslarda mərkəzləşdirilmiş elektron idarəetmə sistemi tətbiq olundu

      Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılıb. 16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq əmrinə əsasən  seçilmiş ixtisaslarda tədrisin təşkili elektron formada həyata keçirilir.

      EduMan sistemində universitetdə çalışan bütün əməkdaşlara və tələbələrə aid elektron məlumat bazası yaradılıb, şəxsi kabinetlər formalaşdırılıb, ixtisaslara aid tədris planları və sillabuslar sistemə daxil edilib, fənn üzrə qruplar yaradılıb, elektron cədvəllər tərtib olunaraq elektron jurnallar aktivləşdirilib. Eləcə də tədrisin elektron idarə edilməsində iştirak edən professor-müəllim heyəti üçün təlimlər təşkil olunub, təlimatlar hazırlanaraq universitetin rəsmi internet saytına yerləşdirilib,  auditoriyalar kompüterlə təmin edilib.

Qeyd edək ki, hər bir fakültə üzrə bir ixtisas seçilib və bu ixtisasın I-III kurslarında  dərslər cədvələ uyğun olaraq elektron idarəetmə sistemi ilə həyata keçirilir, e-jurnal vaxtında aktivləşdirilir və zəruri qeydiyyatlar aparılır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti