GDU-DA TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN (TEC) TƏŞKİLATÇILIĞI İLƏ “YAŞIL GÜNLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASANIN YEKUNU KEÇİRİLİB
Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Günlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin 1-ci hissəsində Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Dəyirmi masanın yekun mərhələsində Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıblar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.
Dəyirmi masada dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılıb, təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə Gəncə Dövlət Universitetində həyata keçirilən işlərdən bəhs edilib.
Daha sonra IV kurs tələbələri Leyla Süleymanova və Türkan Əliyevanın “Bioloji müxtəlifliyin itməsi” mövzusunda, II kurs tələbəsi Zəhra İsgəndərovanın “Plastik çirklənmə” mövzusunda məruzələri dinlənib.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti