GDU-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

      Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Sonra Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.  

    Gəncə Dövlət Universitetinin rektoru  Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər  Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.   Xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ölkədə sülh və sabitliyi bərqərar etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin və mədəniyyətin yüksəlişini təmin etdi.  Ulu Öndər Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəldi.

     Rektor Yusif Yusibov onu da qeyd edib ki, müasir, qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Dövlət başçısı Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır.

      Tədbirin davamında Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın “Əbədiyaşar  Lider”,  Sosial fənlər kafedrasının müdiri  Cavid Bağırzadənin “ Ulu Öndər Heydər Əliyev ideyaları və qalib Azərbaycan”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Azərbaycana həsr edilən ömür”, Azərbaycan  tarixi  kafedrasının baş müəllimi Eldar Mehdiyevin “ Ümummilli  Liderin  şərəfli  ömür  yolu” mövzularında məruzələri dinlənilib.

     Tədbirdə Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi.  II Qarabağ müharibəsi Ümummilli Liderin layiqli davamçısı ölkə başçısı Cənab İlham Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

      Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti