GDU-da yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 2026/2027-ci tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda universitet rəhbərliyi, departament direktorları, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək əldə edilən uğurlar, həmçinin yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə ətraflı danışıb. Rektor bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq aparılmış akkreditasiya qiymətləndirilməsinin nəticələrinə əsasən, Akkreditasiya Şurasının qərarı ilə Gəncə Dövlət Universiteti növbəti 3 il müddətinə institusional olaraq, eyni zamanda “İbtidai sinif müəllimliyi” təhsil proqramı üzrə akkreditasiya olunmuş hesab edilib. O da qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müvafiq qərarına dair əmrin, habelə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əmrləri əsasında akkreditasiya nəticələri üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Rektor bu istiqamətdə Gəncə Dövlət Universitetində həyata keçiriləcək tədbirlər, görüləcək işlər və qarşıya qoyulan məsələlər barədə ətraflı məlumat verib.
İclasda tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris yükünün bölüşdürülməsi, kadrların təkmilləşdirilməsi, auditoriyaların tədris prosesinə hazırlığı, universitetdaxili nizam-intizam qaydalarına ciddi riayət olunması, qarşıda duran vəzifələr və s. məsələlər müzakirə olunub.
Tədris Departamentinin direktoru Elturan Yusifov fakültə dekanlıqlarının yeni tədris ilinə hazırlıq üçün görəcəyi işlər, müəllimlərin dərs yüklərinin dəqiqləşdirilməsi, dərs cədvəllərinin hazırlanması və s. barədə çıxış edib.


