GDU-nun əməkdaşları Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda iştirak edib

                 Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumu keçirilib.

          Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşlar və beynəlxalq tələbələr iştirak ediblər.

           Forumda Gəncə Dövlət Universitetini elmi katib Seymur Meşaik və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təmsil edib.

          Tədbirin məqsədi Azərbaycanın elm və ali təhsil sahəsində beynəlmiləlləşmə potensialını artırmaq və beynəlxalq təcrübənin tətbiqi yollarını müzakirə etmək olub.

          Tədbiri giriş sözü ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova açıb. 

          Elm və təhsil naziri Emin Əmrullayevə çıxışında elmi fəaliyyətin struktur dəyişiklikləri və idarəetmə modellərinin yenilənməsi zərurətini qeyd edib. Daha sonra bu sahənin inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrinin həm ölkədaxili, həm də beynəlxalq səviyyədə elmi-tədqiqat potensialını gücləndirməli olduğunu qeyd edib. Bundan əlavə Elm və təhsil naziri Emin Əmrullayevə elmi məhsuldarlığın artırılması üçün ali təhsil müəssisələri ilə elmi-tədqiqat qurumlarının birgə fəaliyyətinə ciddi ehtiyac olduğunu bildirib. Son illərdə beynəlxalq səviyyəli elmi jurnallarda nəşr olunan məqalələrin sayında artımın müşahidə olunuğunu da qeyd edib. 

          Növbəti çıxışda Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin əhəmiyyətinə toxunub. Əcnəbi tələbələrin ölkəmizdə təhsil alması yalnız elm və təhsil sahəsinə deyil, həm də ölkələrarası ictimai diplomatiyanın inkişafına mühüm töhfəsindən söhbət açıb. Daha sonra “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesdə mühüm rol oynadığını və Azərbaycanın təhsil sisteminin qlobal səviyyədə tanınmasına imkan yaratdığını bildirib. 

          Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov tədbirdə statistik məlumatları açıqlayıb. Bildirib ki, 2024/2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır. 

       Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanan xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb. 

        Daha sonra tədbir “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzuları üzrə panel sessiyalarla davam edib. Beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsinin əməkdaşları, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci sahəsində fərqlənən xarici tələbələr təltif edilib.

       Sonda tədbir iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi və gələcəkdə beynəlxalq əməkdaşlıq üçün atılacaq addımların müzakirəsi ilə yekunlaşıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti